Anons

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Dünən, 10:13- "Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

16-03-2024, 23:23- Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

16-03-2024, 17:55- Bakıda həbsdə olan separatçılar Paşinyana qarşı danışmağa başlasa... - ŞƏRH

16-03-2024, 17:00- Azərbaycan təhsilində kitab vəsaiti PROBLEMİ: - "Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini..."

Haqqımızda Əlaqə

Parlamentli respublikalarda prezidentin dövlət başçısı kimi yeri və rolu

Tarix:24-01-2020, 10:45

Parlamentli respublikalarda prezidentin dövlət başçısı kimi yeri və rolu Parlamentli respublikada dövlətin başında seçilmiş vəzifəli şəxs dayanır, hökumət isə yalnız parlamentin aşağı palatasının (və ya bəzən, hər iki palatanın, məsələn, İtaliya Respublikasında olduğu kimi) dəstəyini qazandığı halda formalaşır və fəaliyyət göstərir. İlk dəfə belə bir idarəetmə forması XIX əsrin 70-ci illərində Fransada meydana gəlmişdir. Dövlətşünaslar adətən parlamentli respublikanı idarəetmə forması kimi qeyd etmirlər, daha çox həm parlamentli respublikanı, həm də parlamentli monarxiyanı da əhatə edən “parlament idarəetmə forması”, “təmsilçisi idarəetmə forması”, “parlamentli demokratiya”, “parlament rejimi”, “parlament sistemi” və s. kimi anlayışlardan istifadə etməyə üstünlük verirlər.

Parlamentli respublikanın fərqləndirici əlamətləri sırasında çox zaman hökumətin parlament qarşısında məsuliyyət daşıması qeyd edilir. Bir sıra müəlliflər isə parlamentli respublikanın fərqli xüsusiyyəti kimi bu respublikada hakimiyyətlərin bölünməsi prinsipi prezident respublikasında mövcud olandan fərqli şəkildə həyata keçirilir. Burada əsas vurğu qanunverici və icraedici hakimiyyətlərinin bölünməsinə deyil, prezidentli respublikaya nisbətən daha diqqətlə həyata keçirilən hakimiyyətlərin bir-birinə qarşılıqlı nəzarət etməsinə edilir. Parlamentli respublikada prezidentin rəsmi səlahiyyətləri və dövlət hakimiyyətinin həyata keçirilməsi mexanizmindəki real rolu üst-üstə düşmür. Həqiqətən, parlament respublikalarının Konstitusiyalarında həmişə prezidentə vacib səlahiyyətlər verilir. Lakin təcrübədə bütün bunlar hüquqi olaraq kontrasiqnasiya institutu ilə məhdudlaşdırılır, bu instituta əsasən prezidentin fərman və sərəncamlarının tətbiqi üçün kansler və ya səlahiyyətli nazirin imzasına ehtiyac var. Nəticədə, Alman tədqiqatçısı N.Mihelsin də fikrinə görə, parlamentli respublikada prezidentin əsas vəzifə və funksiyaları müstəqil siyasi quruluşa malik deyil. Bu, əsasən, nümayəndəlik xarakteri daşıyan bir vəzifədir.

Müasir parlamentli respublikaların konstitusiyalarının mətnlərində prezidentin mövqeyi də, həmçinin eyni şəkildə müəyyən edilmir. Bir sıra ölkələrin konstitusiyalarında (məsələn, Yunanıstanın) Prezident icra hakimiyyətinin daşıyıcısı elan edilir. Digərlərin konstitusiyalarında (məsələn, İtaliya) isə prezidenti icra hakimiyyəti sferasından tamamilə istisna etməklə yanaşı, həm də onun hökumətin tərkibinə daxil olmamasına vurğu edilə bilir.

Parlamentli respublikaların konstitusiyalarının mətninin təhlili göstərir ki, əksər hallarda dövlət başçısı olan prezident hökumət başçısı hesab edilmir və onun tərkibinə daxil deyil. Prezidentin neytral güc rolunu oynaması ideyası ilk dəfə məhz parlamentli respublikalarda yayılmışdı. Bu ideyaya uyğun olaraq, bir çox parlamentli respublikalarda prezident seçilmiş şəxsin öz partiyasında əvəllər tutduğu bütün vəzifələrdən istefa verməsini və partiya orqanlarının işində iştirak etməməyini nəzərdə tutan adət formalaşmışdır.

Bəzi tədqiqatçıların qənaətinə görə, prezidentin siyasi neytrallığını doğuran amil onu öz istədiyi hərəkət etmək imkanından məhrum edir ki, bu amil yuxarıda qeyd olunan kontrasiqnasiya institutudur. Həqiqətən, parlamentli respublikanın prezidentinin aktları faktiki olaraq hökumət tərəfindən hazırlanır, çünki onlar məhz hökumətin və ya onun ayrı-ayrı nazirlərinin təklifi üzrə yaxud bu təkliflərə uyğun olaraq dərc oluna bilər. Kontrasiqnasiya institutu prezidenti həlledici səs hüququndan məhrum etsə də məşvərətçi səs hüququndan məhrum edə bilməz. Belə ki, istənilən parlamentli respublikada prezident aktları imzalamazdan əvvəl onun məqsədə müvafiqliyi və

hüquqa uyğunluğu ilə bağlı öz düşüncələrini ifadə edə bilər, lakin əgər hökumət prezidentin bu düşüncələrini əsassız hesab edərsə, o halda aktı ona təqdim edilən formada imzalamalıdır. Parlamentli respublikalarının konstitusiya qanunvericiliyi dövlət başçısına veto hüququ vermir.

Parlamentli respublikalarda prezidentin dövlət başçısı kimi yeri və rolunun aydınlaşdırılması üçün nümunə kimi Almaniya Federativ Respublikasında və İtaliya Respublikasında prezidentin hüquqi statusu və səlahiyyətlərini nəzərdən keçirmək olar. AFR-in Federal prezidentinin hüquqi statusuna 1949-cu ildə qəbul edilmiş Əsas Qanunun V bölməsi həsr edilmişdir. Əsas Qanunun 54-cü maddəsinin II hissəsinə əsasən 40 yaşına çatmış və Bundestaqa seçilmək hüququna malik olan alman prezident ola bilər. O, 5 il müddətinə Bundestaq üzvləri və həmin sayda proporsional əsaslarla torpaqların xalq nümayəndəlikləri tərəfindən seçilən üzvlərdən ibarət olan Federal yığıncaq tərəfindən seçilir. Bir şəxs yalnız 2 dəfə prezident seçilə bilər.

Federal prezident ilk növbədə konstitusiya quruluşunun qoruyucusu və xarici işlərdə respublikanın təmsilçisi qismində çıxış edir. O, ali dövlət idarəçiliyində həlledici iştirakdan kənarda qalan müstəqil və siyasi cəhətdən neytral fiqur olaraq federal hakimləri və bəzi kateqoriya dövlət qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edir, qəbul edilmiş qanunları təsdiq edir. Eləcə də prezident müxtəlif aktlar qəbul edə bilər, lakin onların qüvvəyə minməsi üçün Federal kansler və ya səlahiyyətli federal nazir tərəfindən imzalanması (Federal kanslerin vəzifədən azad edilməsi və Bundestaqın buraxılması haqqında aktlar istisna olmaqla) lazımdır. Parlament seçkilərinin nəticələrinə əsasən prezident federal kansler vəzifəsinə namizədi Bundestaqa təqdim edir və Bundestaq kanslerə etimad haqqında bəyannaməni dəstəkləməzsə, onu buraxa bilər.

Prezidentin səlahiyyətlərindən biri də əhv etmək hüququdur. AFR-in Əsas Qanununa əsasən Federal prezident nə hökumətin, nə də Federasiyanın və ya hansısa torpağın qanunverici orqanının tərkibinə daxil ola bilməz. O, həmçinin hər hansı digər haqqı ödənilən vəzifəni tuta bilməz, kommersiya və ya professional fəaliyyəti həyata keçirə bilməz və ya məqsədi gəlir əldə etmək olan müəssisənin rəhbərliyinə və ya müşayiətçi şurasının tərkibinə daxil ola bilməz. Əsas Qanun Federal prezidenti silahlı qüvvələrin idarə edilməsi hüququndan məhrum edir, sülh zamanında bu vəzifəni müdafiə nazirinin, müharibə zamanı isə kanslerin üzərinə qoyur.

Onu da qeyd etmək lazımdır ki, AFR-də Federal prezident partiyalardan yuxarıda, gündəlik siyasi mübarizənin üzərində dayanan birləşdirici amil kimi çıxış edir. Lakin məhz o, AFR vətəndaşları üçün siyasi və ictimai oriyentirləri formalaşdırır. Belə ki, Prezidentin real hakimiyyətə sahib olmaması və əsasən, təmsilçilik funksiyalarını yerinə yetirməsinə baxmayaraq Almaniyada hər bir siyasi partiya Federal prezidentin onun sıralarından seçilməsini özünün böyük uğuru hesab edir.

Parlamentli respublikada prezidentin rolunun tədqiqi baxımınan maraq doğuran ölkələrdən biri də İtaliya Respublikasıdır. İtaliyanın 1948-ci ildə qüvvəyə minmiş Əsas Qanunu Respublikanın bütün dövlət orqanlarının səlahiyyətlərinin dəqiq sərhədlərini müəyyən etmiş və İtaliya dövlət idarəçilik sistemində prezidentinə olduqca maraqlı bir rol ayırmışdır. Belə ki, dövlət başçısı olaraq Prezident İtaliya Respublikası Konstitusiyasının, İtaliya xalqının birliyinin və dövlətin suverenliyinin təminatçısıdır. 50 yaşına çatmış və Faşist rejimi ilə heç bir əlaqəsi olmayan hər bir İtaliya vətəndaşı ölkə prezidenti seçilə bilər [19].

Dövlət başçısının seçkiləri İtaliya parlamentinin hər iki palatasının deputatları və senatorlarından ibarət olan seçki kollegiyası tərəfindən həyata keçirilir. Kollegiyanın iclaslarında öz seçkiçilərinə məsləhət vermək hüququ verilmiş bütün vilayətlərin nümayəndələri də iştirak etməlidirlər. Hər bir vilayət seçkilərə üç nümayəndə göndərir. Yalnız kiçik vilayət olan Valle d'Aosta kollegiyada bir nümayəndə ilə təmsil olunur. Prezident seçkilərində səsvermə bir neçə mərhələdə baş verir. Namizədin prezident

seçilməsi üçün, səslərin üçdə ikisini alması kifayətdir, əks halda son qərarın qəbul edilməsi üçün mütləq səs çoxluğunu toplamaq lazımdır. Seçilmiş dövlət başçısının səlahiyyət müddəti 7 ildir. Prezidentin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilmədiyi hallarda dövlət başçısının səlahiyyətləri Senatın – İtaliya parlamentinin yuxarı palatasının sədrinə ötürülür.

Qeyd etmək lazımdır ki, İtaliya Konstitusiyası İtaliyanın prezidenti vəzifəsini istənilən digər vəzifə ilə eyni zamanda tutmağa imkan vermir. Dövlət başçısı millət vəkilləri və seçki kollegiyası nümayəndələrinin etimadını qazanmış siyasi partiyanın üzvü ola bilər. 1946-cı ildən 2018-ci ilə qədər İtaliya Respublikasının bütün on iki prezidentindən yalnız biri Karlo Adzelio Çampi (1999-2006) müstəqil namizəd olmuşdur. Digərləri isə həmin dövrdə hakim olan siyasi qüvvələri təmsil etmişdir. Bu müddət ərzində xristian demokratlar, sosial-demokratlar, sosialistlər və sol demokratların nümayəndələri İtaliya prezidentləri seçilmişlər. Prezidentlik müddətinin başa çatmasından sonra prezidentlər avtomatik olaraq İtaliya Respublikasının Fəxri prezidenti və ömürlük senator statusunu qazanırlar.

1946-cı ildən sonra İtaliyada formalaşan parlamentli idarəetmə forması hakimiyyət səlahiyyətlərinin dəqiq bölünməsi ilə xarakterizə olunur. Ölkədəki bütün icra hakimiyyəti Baş Nazirin rəhbərlik etdiyi Nazirlər Kabinetinə məxsusdur. Təmsilçilik funksiyalarına gəldikdə isə burada ölkə prezidentinin səlahiyyətlərindən söhbət gedir. Belə ki, İtaliya Respublikasının Konstitusiyasına müvafiq olaraq dövlət başçısı aşağıdakı səlahiyyətlərə malikdir:

- Növbəti və növbədənkənar parlament seçkilərini təyin etmək;

- Hökumətin qanun layihələrini Parlamentin hər iki palatasının müzakirəsinə təqdim etmək;

- Qəbul edilmiş qanunları imzalamaq, qanunvericilik fəaliyyətində iştirak etmək hüququ;

- Baş nazirlərin və müvafiq nazirlərin təsdiqi ilə prezidentin fərman və aktları ölkə daxilində qanuni qüvvəyə malikdir;

- Əsas Qanunda nəzərdə tutulmuş hallarda ümummilli referendum elan etmək;

- öz səlahiyyətləri daxilində dövlət vəzifələrinə təyin etmək;

- xarici səfir və nümayəndələri qəbul etmək;

- ölkəni beynəlxalq arenada dövlətin maraqlarına zidd olmayan müqavilələr və sazişlər bağlamaq hüququ ilə təmsil etmək;

- səfərbərliyin başlanması və müharibə vəziyyətinin elan edilməsi barədə qərar qəbul etmək; fəxri adlar və dövlət mükafatları ilə təltif etmək; əfv etmək və amnistiya elan etmək.

Göründüyü kimi, İtaliya Konstitusiyasında dövlət başçısının məsuliyyətinin dəqiq çərçivələri müəyyənləşdirilmişdir. Konstitusiya quruluşuna təcavüz və ya dövlətə xəyanət halları aşkar edildikdə isə Prezidenti yalnız Respublika Parlamenti mühakimə edə bilər.

Beləliklə, müasir parlamentli respublikada prezidentlik institutunun təşkili və fəaliyyətinin xarakterik xüsusiyyətlərinin nəzərdən keçirilməsi belə qənaətə gəlməyə imkan verir ki, burada dövlət başçısı – prezident dövlət hakimiyyətinin mərkəzi orqanlar sistemində əsas fiqur deyil. Faktiki olaraq, ölkənin ümumi siyasətini hökumət müəyyən edir və onun həyata keçirilməsinə rəhbərlik edir. Ona görə də parlamentli respublika üçün normal hallarda və şərtlərdə dövlət idarəçilik sistemində əsas fiqur baş nazirdir və icraedici hakimiyyət öz mahiyyətinə görə qanunverici hakimiyyətin davamıdır. Bununla da dövlət hakimiyyətinin qolları arasında baş verə ola biləcək münaqişələr minimuma çatdırılmış olur.

Nurəddin İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimİ,
siyasi elmlər üzrə fəlsəfə doktoruскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...