Anons

Bu gün, 11:07- Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Dünən, 10:13- "Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

16-03-2024, 23:23- Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

Haqqımızda Əlaqə

QANUN POZUNTUSUNDAN KORRUPSİYAYA GEDƏN YOL

Tarix:22-06-2020, 13:28

QANUN POZUNTUSUNDAN KORRUPSİYAYA GEDƏN YOL (İxtisarla)

İnsan yaşadığı həyatı boyu daim öz ləyaqət hissini qoruyub saxlamağı bacarmalıdır. Elə insanlar var ki, müxtəlif vəziyyətlərdə hansı səbəblərdənsə, nəyinsə xətrinə bu ləyaqət hissini itirir, insana yaraşmayan xüsusiyyətlər ilə - hiyləgərliklə, fırıldaqçılıqla, adam aldatmaqla, yaltaqlıqla öz məqsədlərinə doğru gedirlər. Belə xüsusiyyətli adamlar çox vaxt öz istədikləri məqsədlərə nail olurlar. Lakin onlar başa düşmürlər ki, onların insana yaraşmayan xüsusiyyətləri ətrafdakılar tərəfindən heç də müsbət qəbul olunmur. Sənətindən, savadından, vəzifəsindən asılı olmayaraq hər bir insan öz həyatını ləyaqətlə, şərəflə başa vurmalıdır. Mənim zənnimcə insan ləyaqətini alçaldan xüsusiyyətlər insanı İNSAN olmasından çıxarır. Öz məqsədinə çatmaq üçün hər addımda əqidəsini dəyişən adamın ətrafdakılar yanında hörməti olmaz.

İnsanlıq uca zirvədir. Hamı o zirvəyə qalxa bilmir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün maddi təminat olmalıdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır, amma onun əsirinə çevrilmək insanı artıq məhvə aparır.

Hər gün rastlaşdığım insan selində hər cür insan var. Qarşıma çıxanlara ucadan demək istəyirəm: ey insan, özünü ələ al, özünə bir də ayıq nəzər sal, özünü tarazlaşdır. Bu çətin zamanda həyat yolunu doğru, düzgün müəyyənləşdir, sözünün, səsinin, haqqının sahibi ol. Zamanın qasırğası, tufanı qarşısında möhkəm dayan.

Mənim öz iç dünyam var. Bu iç dünyamdan gələn səslər mənim həyat yolumu müəyyənləşdirməkdə böyük rol oyanayıb. Bu səslər həyatda məni ədalətsizlik etməkdən, yaltaqlıq etməkdən, təkəbbürdən, ləyaqətsiz iş tutmaqdan, özünü gözə soxmaqdan, başqalarının ayağının altını qazmaqdan, paxıllıqdan çəkindirib. Əgər mən bu iç dünyamın səsinə qulaq asmasaydım, bəziləri kimi müəyyən bir “mövqe” tutardım. Düşünürəm ki, hər bir şəxs öz işində məsuliyyətlə çalışmalı, özünü gözə soxmağa can atmamalıdır. Öz mənəvi, əxlaqi xüsusiyyətlərini itirməklə hansısa “mövqeyə” çatan insanlar ətrafdakıların gözündə öz dəyərlərini itirirlər.

1990-cı illərin əvvəllərində Azərbaycanda ticarət və ictimai iaşə obyektləri, həmçinin müxtəlif özəl obyektlər açılmağa başlayırdı. Mənə də tanışlarım hər hansı bir obyekti açmağı təklif edirdilər. Düzü, ya ticarət, ya ictimai-iaşə obyekti, ya da aptek aça bilərdim. Eləcə də bir neçə sərnişindaşıma nəqliyyat marşrutuna sahibkarlıq etməyə gücüm çatardı. Lakin daxilimdən gələn o səs məni bu işlərdən çəkindirirdi. Düşünürdüm ki, mən jurnalistəm, mənim vəzifəm informasiya, məqalə yazmaqdır. Düşünürdüm ki, hər hansı obyekt sahibi olmaq mənim jurnalist, yazıçı, müəllim nüfuzuma xələl gətirər. Artıq o vaxtdan neçə illərdir ki, keçib. Azərbaycanın hər yerində saysız-hesabsız müxtəlif obyektlər açılıb. Biz obyektlərin olmasının əleyhinə deyilik. Müstəqillik dövründə sahibkarlıq da inkişaf etdirilməli, zəhmətsiz gəlirlərlə deyil, halal qazanılmış pulla müxtəlif obyektlər açılmalıdır. Lakin iş də ondadır ki, fəaliyyət göstərən obyektlərin əksəriyyətinin sahibkarları vəzifəli şəxslərdir. Onlar isə bu obyektləri yaxın qohumlarının və tanışlarının adına sənədləşdiriblər. Bunların içərisində icra başçıları, hüquq mühafizə orqanlarında çalışanlar, məktəb direktorları, baş həkimlər, idarə müdirləri çoxluq təşkil edir.

Dostlarım, tanışlarım içərisində məni yaxşı tanıyanlar və mənə ərki çatanlar mənə deyirlər ki, siz zəmanə adamı deyilsiniz, siz çox şeyə nail ola bilərdiniz, siz çox qazanc əldə edə bilərdiniz. Mən onları başa düşmürəm. Zəmanə adamı olmaq üçün mən nə etməliydim ki? Və yaxud nə etməliyəm ki?

Dövlətin möhkəm olması üçün onun iqtisadi, siyasi və ictimai dayaqları möhkəm olmalı, burada rüşvətxorluğa, korrupsiyaya yer olmamalıdır. Buna nail olmaq üçün isə həm dövlət orqanlarında çalışanlar, həm də xalqın hər bir vicdanlı nümayəndəsi öz sahəsində düzgün işləməklə bərabər, ətrafdakılardan da düzgün işləməyi tələb etməlidirlər. Bu mövqedən kadrların düzgün yerləşdirilməsi vacib məsələlərdən biridir. Kadrları yerləşdirərkən qohumbazlıq, tayfabazlıq, yerlibazlıq, rüşvət kriteriyaları kənara qoyulmalı, daha səriştəli, savadlı, bacarıqlı, öz işinin ustası olan, işinə məsuliyyətlə yanaşan və millətin təəssübünü çəkən kadrlara üstünlük verilməlidir. Rəhbər vəzifədə çalışanlara daim aşağıdan və yuxarıdan nəzarət olunmalı, onların işində rüşvət və korrupsiya halları olduğu anda dərhal bu şəxslər vəzifələrindən uzaqlaşdırılmalıdırlar. Belə olduqda korrupsiya halları getdikcə azala bilər.

Son aylarda Azərbaycanda baş verən hadisələr arasında korrupsiyaya qarşı mübarizə mühüm yer tutur. Belə ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 5 rayonun İcra hakimiyyəti başçısı, Mədəniyət nazirinin müavinləri və başqaları korrupsiyada günahlandırılaraq məsuliyyətə cəlb olunublar. Məsuliyyətə cəlb olunan şəxslərin əmlakı və var-dövləti üzə çıxarılmışdır. Məlum olmuşdur ki, bu şəxslər ölkəmizdə və xarici ölkələrdə xeyli bahalı mülklərə, obyektlərə malikdirlər. Bu faktlardan belə nəticəyə gəlmək olar ki, həmin rayonların müəssisələrinin rəhbərləri rüşvət və korrupsiyaya çulğalanmışlar. Yəni müəssisə rəhbərləri fırıldaq yollarla qazandıqları pullardan icra başçılarına rüşvət veriblər. Bütün bunlar bəzi insanların tamahkarlığının çox yüksək həddə olduğunu göstərir.

Yəqin ki, korrupsioner, rüşvətxor icra başçıları ancaq bu beş nəfərdən ibarət deyil. Başqa rayonlarda da bu yolla bahalı mülklərə, böyük varidata sahib olan icra başçıları yox deyildir. Elələri də vardır ki, neçə illər ya İcra hakimiyyəti başçısı, ya da yüksək bir vəzifənin sahibi olub. Sonra isə ya vəzifədən uzaqlaşıb, ya da təqaüdə çıxıb. İllərlə əyri yollarla qazandıqları pullar hesabına ölkəmizdə və xaricdə mülklər və obyektlər almışlar. Və indi də həmin obyektlərin hesabına böyük gəlir götürürlər. Bizcə belələri də məsuliyyətdən kənarda qalmamalıdırlar. Düşünürəm ki, tədricən korrupsiya ilə məşğul olmuş bütün vəzifəli şəxslər ifşa olunmalıdır.

Jurnalistlik fəaliyyətim ilə əlaqədar olaraq deyə bilərəm ki, Azərbaycanın bütün bölgələrində olmuşam. Həmçinin Bakının bütün qəsəbələri haqqında məlumata malikəm. Bu sahədə fəaliyyətim dövründə bir neçə məsələ məni daim narahat etmişdir. Keçən əsrin 90-cı illərin ortalarından başlayaraq, Azərbaycanın bütün rayonlarında, o cümlədən Bakı şəhərində və onun qəsəbələrində torpaqların fərdi evlər tikmək üçün satılması böyük vüsət aldı. Bu proses dayanmadan getdi və əsasən Bakı şəhərinin bütün qəsəbələrində boş sahələr satıldı. Həmin sahələrdə evlər tikildi və əhali məskunlaşdı. Deyək ki, burada heç bir pis hal yoxdur. Lakin bu məsələnin digər problemləri də var. Boş sahələr qalmadığı üçün heyvandarlıqla məşğul olan əhali bu işdən əl çəkməyə məcbur oldu. Çunki qoyun-quzunu otarmaq üçün otlaq yeri qalmamışdı. Və yaxud başqa bir məsələ. Əhalinin sayının artmasına baxmayaraq, qəsəbələrdə qəbiristanlıqlar üçün torpaq sahəsi ayırmaq nədənsə yaddan çıxmışdır. İstifadəsiz torpaq sahələrinin əhaliyə satılması yaxşı haldır. Lakin bu məsələdə bir qanun mexanizmi olmalı idi.

Yuxarıda qeyd etdiyim məsələni daha çox Xəzər rayonunda müşahidə etmişəm. Bu rayonun sakini olduğum üçün bu rayon haqqında müşahidə etdiyim və nəticədə aşkarladığım faktlar daha çoxdur. Qeyd edim ki, bu rayonun qəsəbələrinin boş torpaq sahələrinin satılması ilə yanaşı, əsasən 1995-2017-ci illər ərzində ayrı-ayrı müəssisələrin əraziləri də satılmışdır. Görəsən, bu ərazilərin satılması zamanı hansı qanunlara istinad olunub? Xəzər rayonunun aidiyyatı şəxsləri deyə bilərlər ki, baş verən hadisələrdən xəbərsizdirlər. Buna isə inanmaq çox çətindir. Çünki aidiyyatı şəxslərdən icazəsiz daşı daş üstünə qoymaq mümkün deyil, yəni hər hansı bir tikinti olduqda həmin şəxslər dərhal özlərini hadisə yerinə yetirirlər. 1995-2017 –ci illər ərzində Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Binə, Buzovna qəsəbələrində bəzi müəssisələrin ərazilərinin satılması faktı mənə məlumdur. Həmçinin Mərdəkan qəsəbəsində üç zibilxananın ərazisinin satılması da düşündürən məsələlərdən biridir.

Deməyim odur ki, torpaqların və müəssisələrin ərazilərinin satılmasında qanunsuzluğa yol verən şəxslər məsuliyyətdən kənarda qalıblar. Hər bir xırda qanunsuzluq isə cəzasız qaldıqda, o böyük qanunsuzluqlara, cinayətlərə, korrupsiyaya yol açır.

Mən keçmiş İttifaqın dövründən indiyədək mətbuat sahəsində çalışıram. Həm o illərdə, həm də respublikamızın müstəqilliyi illərində tərifli məqalələrlə bərabər yüzlərlə tənqidi məqalə ilə mətbuatda çıxış etmişəm. Keçmiş İttifaqın dövründə mətbuatda gedən tənqidi məqalələrə aidiyyatı orqanlar tərəfindən operativ reaksiya verilər və obyektiv tədbir görülərdi. Yəni, qəzetdə obyektiv tənqid olunan şəxs cəzalandırılardı. Onu da qeyd edim ki, müəllifi olduğum neçə-neçə tənqidi məqaləyə aidiyyatı qurumlar tərəfindən reaksiya verilmiş, tədbir görülmüş, günahkarlar cəzalandırılmışdır. Son illərdə isə tənqidi məqalələrə obyektiv reaksiya verilmək əvəzinə, bu məqalələrə başdansovdu yanaşılır. Bu da tədbir görməli olan şəxsin bir kadr kimi öz yerində olmamasından, bacarıqsızlığından, işə məsuliyyətsiz yanaşmasından xəbər verir.

Tənqidi məqalələrə aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməməsinə misal olaraq, “Nüanslar” qəzetinin 06-12 may 2017-ci il tarixli sayında dərc edilmiş “Məhkəmənin çıxardığı qətnamənin icra şöbəsi tərəfindən həyata keçirilməməsinin səbəbi nədir?” başlıqlı məqaləmi göstərə bilərəm. Məqalədə qeyd olunur ki, Kürdəmir “Aqrotexservis” ASC-nin sədri Zamiq Abışov ASC-nin 8,7 hektar torpaq sahəsini sotlara bölərək saxta sənədlə ayrı-ayrı şəxslərə satmışdır. Ərazidə xeyli evlər tikilmişdir və orada əhali yaşayır. Zamiq Abışov isə ailəliklə idarənin ikimərtəbəli inzibati binasını zəbt edib. Əldə olunan sənəddən məlum olur ki, Zamiq Abışovun “Aqrotexservis” ASC-nin torpağını satmağa heç bir ixtiyarı yoxdur. Belə ki, Kürdəmir rayon İcra hakimiyyətindən Yolçuyeva Dürdanə Məmməd qızına ünvanlanmış 12 yanvar 2017-ci il tarixli 2/37-2 nömrəli məktubda deyilir: “Rayon Polis şöbəsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, Kürdəmir “Aqrotexservis” Səhmdar Cəmiyyətinə məxsus Kürdəmir şəhəri ərazisində yerləşən 8,7 hektar torpaq sahəsinin dövlətə qaytarılması barədə məhkəmə qətnaməsi olmuş və məhkəmə qətnaməsinin icrası Kürdəmir rayon icra şöbəsinə tapşırılmışdır”.

Məqalədən belə bir nəticəyə gəlirik ki, dövlətin 8,7 hektar torpaq sahəsini qanunsuz satan şəxs məsuliyyətə cəlb olunmayıb. Sual olunur: rayonun səlahiyyətli orqanlarının qanun pozuntusundan xəbərləri olmayıb? Görəsən onlar niyə susmağa üstünlük veriblər?

Son illərdə belə hallara da rast gəlmək olur ki, haqlı tənqidin qarşılığında jurnalist ya məhkəməyə verilir, ya ona hədə-qorxu gəlinir, ya da şantaj olunur. Mən şəxsən özümlə bağlı bir hadisəni qeyd etmək istəyirəm.

Təxminən beş il bundan əvvəlin söhbətidir. Beyləqan Meşə Mühafizəsi və Bərpası idarəsinin rəisinin iş fəaliyyətində yol verdiyi nöqsanları qələmə alıb qəzetdə məqalə dərc etmişdim. Həmin qəzeti məqalədəki faktlara tədbir görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (o dövrlərdə nazir Hüseynqulu Bağırov idi), eləcə də Beyləqan rayon prokurorluğuna göndərmişdim. Məqalə dərc edildikdən altı ay sonra adıçəkilən idarənin rəisi məni məhkəməyə verdi. Onun iddiası bu idi ki, mən ona yüz min manat təzminat ödəyim, üzr istəyim, həm də göstərdiyim faktlara qarşı qəzetdə təkzib verim. Üç dəfə məhkəmə iclası oldu. Məhkəmə iclaslarına o, öz nümayəndəsini göndərirdi. Mən isə öz mövqeyimi özüm müdafiə edirdim, müəssisə rəhbərinin etdiyi qanunsuzluqları faktlarla sübuta yetirirdim. Üçüncü məhkəmə iclasında işi aparan hakim qaldırılmış iddianı rədd etdi.

Bəzi məmurlar öz işlərində qanunsuzluqlara yol verdikdə cəzadan qorxmaq, çəkinmək əvəzinə, onlarda bir arxayınçılıq, özünə güvənmək hissi yaranır. Bu isə onların qanunlara nə qədər hörmət etmədiklərini, harınladıqlarını sübut edir. Bəs, görəsən bunun səbəbi nədir? Yəqin ki, onlar qanunsuzluqlara yol verdikdə yerli hakimiyyət orqanlarına və tabe olduqları nazirliklərdə, baş idarələrdə kiməsə arxalanırlar.

Qanunsuzluqlarla, korrupsiya ilə bağlı çox misal çəkə bilərəm. Demək olar ki, əksər sahələrdə qanunsuzluqlar və korrupsiya mövcuddur. Bu qanunsuzluqların və korrupsiyanın aradan qalxması üçün tutduğumuz demokratiya yolunu daha da genişləndirməli, müxtəlif təşkilatlara vətəndaşlar tərəfindən edilən şikayətlərə obyektiv tədbir görülməli, qanunsuzluq və korrupsiya faktları üzə çıxarıldıqda qanunsuzluğu üzə çıxaran deyil, qanunsuzluğu edən şəxslər qınaq obyekti olmalıdır. İcra orqanlarıa, bələdiyyələrə, idarələrə, təmir-tikintiyə, nəqliyyata ayrılan maddi vəsaitin xərclənməsində şəffaflıq gözlənilməlidir. Bu barədə cəmiyyətə hesabat verilməlidir.

Son olaraq onu demək istəyirəm ki, qanunsuzluqlar, nöqsanlar olmasa və yaxud tez aradan qaldırılsa, bu korrupsiyaya gedib çıxmaz. Hər bir şəxs qanunsuzluq, nöqsan gördükdə buna qarşı narazılığını bildirməlidir. Lakin təəssüflər olsun ki, belə deyil. Qanunsuzluq gördükdə etinasız ötüb keçir, beləliklə də qanunsuzluğun mövcud olduğu bir şəraitə uyğunlaşaraq yaşayırıq. Qanunsuzluq törədən şəxs də cəmiyyətdə özünə qarşı əks reaksiya görmədiyindən öz qanun pozuntularına davam edir və getdikcə bunu genişləndirir. Ona görə də hər bir şəxs qanunsuzluq, nöqsan gördükdə buna etinasız yanaşmamalıdır. Əfsuslar olsun ki, bu belə deyil.

Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...