Anons

Bu gün, 18:20- Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Bu gün, 17:12- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Bu gün, 17:00- Növbəti tədris ilində I siniflərə 164234 uşağın qəbulu proqnozlaşdırılır

Bu gün, 16:48- Bakıda GÜCLÜ YANĞIN

Bu gün, 16:39- Zəlzələlər kosmosdan çəkilən şəkillərlə proqnozlaşdırılacaq

Bu gün, 16:26- Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Bu gün, 16:17- “Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Bu gün, 16:05- Yanvar-iyul aylarında Azərbaycana gələn əcnəbilərin 41,4 faizi hava nəqliyyatından istifadə edib

Bu gün, 15:52- Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Bu gün, 15:43- Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Bu gün, 15:36- FHN yeni tikilən 133 binaya müsbət rəy verib

Bu gün, 15:24- Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb

Bu gün, 15:13- Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Bu gün, 14:31- Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bu gün, 14:22- “Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

Bu gün, 14:09- Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

Bu gün, 13:54- DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Bu gün, 13:46- Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün, 12:37- Sabah isti temperatur diskomfortu gözlənilir

Bu gün, 12:28- Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

Haqqımızda Əlaqə

DEMOKRATİK İCLAS

Tarix:12-07-2019, 11:18 Baxış Sayı:93

DEMOKRATİK İCLAS (Hekayə)

Müəllimlər arasında bir nigarançılıq var idi. Köhnə direktoru işində yol verdiyi nöqsanlara, rüşvətxorluğa, yerlibazlığa, müəllimlərlə münasibətində özünü despot kimi apardığına görə vəzifəsindən azad etmişdilər. Yeni gələcək direktor haqqında isə müxtəlif söz-söhbətlər gəzirdi. Məlumat yayılmışdı ki, məktəbə 678 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Ələkbər müəllimi direktor təyin edəcəklər. Kimisi deyirdi ki, çox savadlı, bacarıqlı müəllimdir, xaricdə təhsil alıb. Kimisi də onun işləyə biləcəyinə şübhə ilə yanaşırdı: o cür təhsil görmüş demokratik adam direktor işləyə bilməz. Onun ailəsini bir qədər yaxından tanıyan Solmaz müəllim direktorun ziyalı bir ailədən olduğunu, halal çörəklə böyüdüyünü, ancaq öz biliyi hesabına çox şeyə nail olduğunu iş yoldaşlarına söyləyirdi.

Avqust ayının son günlərində müəllimlərin nigarançılığına son qoyuldu. Həmin gün nazirliyin nümayəndəsi Ələkbər müəllimi məktəb kollektivinə təqdim etdi. Beləliklə, yeni direktorun işə başlaması məktəbdə yeni abu-hava yaratdı.

Tədris ili yenicə başlamışdı. Direktorun təşəbbüsü ilə məktəbdə on birinci sinif şagirdlərinin valideyn iclası keçirilirdi. İclasda iki on birinci sinfin əlli altı nəfər valideyni və məktəbin bütün müəllimləri iştirak edirdi. Neçə-neçə direktoru “yola salmış”, yaşı altmışı ötmüş təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə müəllim çıxış edib yeni direktoru təbrik etdi və onu valideynlərə təqdim etdi. Aynurə müəllim dedi:

- Biz bilirik ki, keçmiş direktorların dövründə müəllimlər də, valideynlər də, şagirdlər də əziyyət çəkirdilər. Onlar heç kəslə hesablaşmadan, heç kimin vəziyyətini nəzərə almadan öz prinsiplərini həyata keçirib, öz vəzifələrinə şəxsi qazanc mənbəyi kimi baxmış, onun haqsız tələbləri ilə barışmayan müəllim və şagirdləri müxtəlif yollarla incitmişlər. Ümid edirik ki, bütün bunlara bundan sonra son qoyulacaq. Gəlin indi yeni direktorumuza söz verək və onu alqışlayaq.

Ələkbər müəllim təmkinlə ayağa qalxdı, müəllim və valideynləri salamladı:

- Əvvəla onu qeyd edim ki, məni tərifləmək və alqışlamaq lazım deyil. Hamımız birlikdə məktəbin adını ucaltmağa, şagirdlərimizə yüksək bilik verməyə çalışmalıyıq. Bunun üçün əl-ələ verib işləməli, çatışmazlıqlar haqqında məlumat verməli, onları aradan qaldırmağa çalışmalıyıq. Mən hələ az bir müddətdir ki, burada işləyirəm və işlədiyim bu vaxtda məktəbdə özünü tərbiyəsiz aparan, dərsdən yayınan şagirdlərin olduğunu müşahidə etmişəm. Etiraf edək ki, həm aşağı, həm də yuxarı sinif şagirdləri arasında belə uşaqlar var. Biz əl-ələ verib, bu problemləri aradan qaldırmağa çalışmalıyıq. On birinci sinif şagirdlərinin məktəbi bitirmələrinə az qalıb. Müəllim və valideynlər onlarla ciddi məşğul olmalı, qəbul imtahanlarında yüksək nəticə göstərmələrinə çalışmalıdırlar. İndi isə mən sözü müəllim və valideynlərə verirəm. Kimin nə narazılığı, təklifi, sözü varsa, açıq-açığına söyləyə bilər.

Təxminən əlli yaşlarında olan, zövqlə geyinmiş bir qadın söz istəyib ayağa qalxdı:

- Mən Sadiqənin anasıyam. Qızım əlaçı olmasa da, pis də oxumur. Üç il idi ki, o, riyaziyyat fənnini daha yaxşı bilməkdən ötrü dərsdən sonra fənn müəllimi Kamilə müəllimin yanına gedirdi. Lakin bu ildən mən qızımı əlavə məşğul olmaq üçün başqa müəllimin yanına göndərirəm. Səbəb isə qızımın Kamilə müəllimi yaxşı başa düşməməsidir. Bunu bilən Kamilə müəllim dərs zamanı qızıma deyib ki, əvvəllər mənim yanıma həftədə dörd dəfə gəlirdin, amma iki dəfənin pulunu verirdin. İndi bəs nə oldu? Eşitdiyimə görə yanına getdiyin müəllimə həmin pulu ödəyirsən, amma həftədə cəmi iki dəfə gedirsən. Axı müəllim şagirdə bu sözləri necə deyə bilər? Görün nə dərəcədə qızımın əlindən əsəbiləşib ki, dərs zamanı qızıma belə deyib: “Mən başımı qaldırıb sənin baxışlarını görəndə əsəbiləşirəm, yerini dəyiş, mənim dərsimdə arxa partada otur”.

Qadının bu çıxışı zalda oturan valideynləri bir qədər cürətləndirdi. Yerdən müxtəlif fikirlər səslənməyə başladı. Direktor oturanlar arasında sakitlik yaratmaqdan ötrü əlindəki qələmi bir neçə dəfə stola taqqıldatdı. Sakitlik çökdü.

Bəstəboy bir kişi ayağa qalxıb özünü təqdim etdikdən sonra dedi:

- Oğlum Saleh on birinci sinifdə oxuyur. Üç ildir ki, Azərbaycan dili müəllimi olan dayım qızı onu dərsdən sonra hazırlaşdırır. Oğluma dərs deyən Nüşabə müəllim isə həmin sinifdən bir neçə şagirdə hazırlıq keçir. Oğlumun dərsə yaxşı cavab verdiyini görən Nüşabə müəllim onun kimin yanına hazırlığa getməsi ilə maraqlanıb. Belə ki, onun yanına hazırlığa gələn sinif şagirdlərindən bu barədə soruşub. Onlar isə bu barədə heç nə bilmədiklərini deyiblər. Nüşabə müəllim də oğlumun sinif yoldaşlarına deyib ki, mən sinifdə dərs zamanı şagirdlərə keçiləcək mövzudakı hər bir şeyi ətraflı başa salmıram, ancaq yanıma hazırlığa gələnlərə mövzunu dəqiqliklə öyrədirəm. Sonra da deyib ki, əgər belədirsə, Salehə Azərbaycan dili fənnini kim öyrədir?

Kişi danışdıqca daha da əsəbiləşir, daxili narahatlığı üzə çıxırdı. O, üzünü direktora tutub bir qədər əsəbi şəkildə dedi:

- Ələkbər müəllim, bir il bundan əvvəl, oğlum onuncu sinifdə oxuyarkən başına belə bir iş gəlib. Nüşabə müəllim onu dərs danışmağa çağırıb, Azərbaycan dili dəftərini də ondan tələb edib. Oğlum isə müəllimə səhvən hazırlıq dəftərini verib. Oğlum dedi ki, müəllim mənim hazırlıq dəftərimi görən kimi əsəbiləşdi: “Bu nədir, sən mənə nə vermisən?” – deyə dəftəri üstünə atdı. Bu hadisədən sonra Nüşabə müəllim oğlumun qiymətini kəsməyə başladı. Nüşabə müəllimin oğlumun qiymətini kəsməsinə baxmayaraq onun Azərbaycan dili fənnindən sinifdə birinci olduğunu məktəbdə hamı bilir. Elə buna görə də ötən tədris ilində oğlumu həmin fənn üzrə olimpiadaya göndərdilər. Saleh rayon üzrə keçirilən olimpiadada birinci yeri tutdu. Bu münasibətlə Salehi yuxarı sinif şagirdləri, müəllimlər təbrik etdilər. Hətta keçmiş direktor da ona fəxri fərman təqdim etdi. Lakin oğlumu sarsıdan o oldu ki, onu məhz Azərbaycan dili müəllimi Nüşabə müəllim təbrik etmədi. Müəllim də şagirdlə intriqa aparar? Uşaqlar yaxşı cəhətləri məhz müəllimlərindən öyrənməlidirlər. Onların qəlbini qırmaq, onlara qarşı ədalətsiz olmaq nəyə lazımdır?

Zalda yaşlı bir valideyn oturmuşdu. Onu zaldakıların əksəriyyəti tanıyırdı. İdris müəllim idi. Uzun illər qəsəbədəki 675 nömrəli məktəbdə tarix fənnini tədris etmişdi. Artıq təqaüdə çıxmışdı. Onun şagirdi olmuş orta nəslin nümayəndələri, eləcə də onu tanıyan müəllimlər bilirdilər ki, İdris müəllim öz fənnini necə sevə-sevə şagirdlərə aşılamış, bir pedaqoq kimi şagirdlərin tərbiyəsində, düzgün yol tutmalarında böyük rolu olmuşdur. Bir ağsaqqal kimi hörmətə malik olan İdris müəllim ürəyindən gələn sözləri bir səmimiliklə zaldakılarla bölüşdü:

- Çoxu bilir ki, mən qonşu məktəbdə müəllim işləmişəm. Üç övladım bu məktəbi bitirib. Uşaqlarıma dərs deyən müəllimlər etiraf edə bilərlər ki, mən uşaqlarımın təhsili və tərbiyəsi ilə daim məşğul olmuşam. Uşaqlarım məktəbdə savadlarına, tərbiyələrinə görə nümunəvi uşaqlardan olublar. Hal-hazırda isə iki nəvəm bu məktəbdə təhsil alır. Hər ikisi dərslərindən “dörd” və “beş” qiymət alırlar. Bir müəllim kimi məni incidən, narahat edən bir neçə məsələ var. Nə səbəbdənsə bəzi müəllimlər müəllimə yaraşmayan düşüncəyə sahibdirlər. Mən etika baxımından müəllimin adını çəkmək istəmirəm. Böyük nəvəm Nərminə on birinci sinifdə oxuyur. O, dərsdən sonra üç fəndən başqa məktəbdə çalışan müəllimin yanına hazırlığa gedir. Dərsinə yaxşı cavab verdiyinə görə ötən tədris ilində məktəbin rəhbərliyi tərəfindən rayon üzrə keçirilən olimpiadaya göndərilib. Olimpiadada rastlaşdığı sualların cavabını düzgün yazıb-yazmadığını sonradan fənn müəllimindən soruşduqda – “dərsdən sonra hansı repetitor müəllimin yanına gedirsən, get ondan soruş” – cavabını alıb. Axı bu hərəkət müəllimə yaraşmayan hərəkətdir.

İdris müəllim danışdıqca hamının diqqəti ona çəkilir, direktor narazılıqla başını yelləyirdi. Valideynlərdən kimisi gülümsünür, kimisi də həmin müəllimin dalınca deyinirdi: “utanmır, müəllim də belə söz deyər?” Müəllimlər isə susur, başlarını aşağı salmışdılar. İdris müəllim dərindən köks ötürdü. Bilinirdi ki, müəllimlərdən narazılıq etməsi onun özü üçün də xoş deyil. Lakin rastlaşdığı hadisələr onu çox qəzəbləndirdiyindən o, ürəyini boşaltdı:

- Nəvəmin dediyinə görə dərsdən sonra öz fənn müəlliminin yanına hazırlığa gedən sinif yoldaşı aldığı qayda kitabını müəllimə göstərib. Müəllim isə ona deyib ki, bu çox yaxşı kitabdır, bunu almaqda düzgün iş görmüsən. Amma bu kitabı Nərminəyə göstərmə. Çünki o, məsuliyyətli

uşaqdır və dərhal bu kitabı əldə edib oxuyacaq, qəbul imtahanında sizdən çox bal toplayacaq. Müəllim adını daşıyan bir insanda belə düşüncə olarmı?

İdris müəllimin çıxışı zalda oturan valideynlər arasında səs-küy yaratdı. Zalda yerlərdən müxtəlif fikirlər deyilməyə başladı: “belə müəllim şagirdə nə tərbiyə verəcək?”, “müəllim də belə paxıl olar?”, “görəsən hansı müəllimdir?” Zalda sakitlik yaratmaq üçün direktorun qələminin tıqqıltısı eşidildi. İdris müəllim fikrini sona çatdırdı:

- İnsan yaşadığı həyatı boyu daim öz ləyaqət hissini qoruyub saxlamağı bacarmalıdır. Elə insanlar var ki, müxtəlif vəziyyətlərdə hansı səbəblərdənsə, nəyinsə xətrinə bu ləyaqət hissini itirir, insana yaraşmayan xüsusiyyətlər ilə məşğul olurlar. Belə xüsusiyyətli adamlar çox vaxt öz istədikləri məqsədlərə nail olurlar. Lakin onlar başa düşmürlər ki, onların insana yaraşmayan xüsusiyyətləri ətrafdakılar tərəfindən heç də müsbət qəbul olunmur. Sənətindən, savadından, vəzifəsindən asılı olmayaraq hər bir insan öz həyatını ləyaqətlə, şərəflə başa vurmalıdır. Mənim zənnimcə insan ləyaqətini alçaldan xüsusiyyətlər insanı insan olmasından çıxarır.

Zalda tam sakitlik idi. Diqqət İdris müəllimə yönəlmişdi, hamı onun nə deyəcəyini gözləyirdi. İdris müəllim:

- Bu barədə çox danışardım, amma vaxtınızı almaq istəmirəm, - deyib yerinə əyləşdi.

Çıxışlar bir-birini əvəz etdikcə zalda oturan müəllimlərdə yorğunluq hiss olunurdu. Sanki müəllimlər iclasın tez bitməsini istəyirdilər. Müəllimlərin heç biri düşünmürdü ki, iclasda tənqidi fikirlər söylənilər.

İdris müəllimin çıxışından sonra iki valideyn və məktəbdə coğrafiya fənnini tədris edən Fərzəli müəllim çıxış etmək üçün söz istədilər. Fərzəli müəllim ali məktəbi bitirdikdən sonra ömrünün çox ilini bu məktəbdə keçirmişdi. Məktəbdə hamı onu ədalətli, həmişə sözün düzünü deyən, haqqı müdafiə edən bir insan kimi tanıyırdı. Pedaqoji şuralarda direktorların çıxışlarında olan ədalətsiz fikirlərə qarşı qorxudan heç bir söz deməyən müəllimlərdən fərqli olaraq, Fərzəli müəllim həmişə cəsarətlə öz düzgün və obyektiv fikirlərini deməkdən çəkinməzdi. Odur ki, Fərzəli müəllimin çıxış etmək istəməsi zaldakılar tərəfindən maraqla qarşılandı. Direktor əlinin işarəsi ilə ona söz verdi.

Fərzəli müəllim ayağa qalxıb təmkinlə çıxışına başladı:

- Ələkbər müəllim, mən bu iclası “demokratik iclas” adlandırardım. Əlbəttə, biz istəməzdik ki, müəllimlər haqqında belə neqativ fikirlər söylənilsin. Yəqin ki, bu iclasdan sonra bəzi müəllimlər öz “payını” götürəcəklər. Belə neqativ halları bütün müəllimlərə şamil etmək olmaz. Məktəbimizdə vicdanlı müəllimlər çoxluq təşkil edir. Məncə valideynlərin bu mövzuda çıxışlarını yekunlaşdırmaq lazımdır. Mən başqa bir problemi nəzərinizə çatdırmaq istəyirəm. Bütün müəllimlər çox yaxşı bilirlər ki, onuncu sinfə qədər təhsil alan şagirdlərin əksəriyyəti demək olar ki, dərs oxumurlar, məktəbə elə-belə, vaxt keçirmək üçün gəlirlər. Belə şagirdlərə “üç” qiyməti yazıb sinifdən-sinfə keçiririk. Bax, bu məsələ barəsində düşünmək lazımdır. Hər sinifdə ancaq üç-dörd şagird dərslərə məsuliyyətlə yanaşır, bilik qazanmaq istəyir. Sinif rəhbərləri tez-tez valideyn iclası keçirir və valideynlərə övladlarının dərs oxumamaları haqqında məlumat verirlər. Valideynlər də bu məsələdə aciz qaldıqlarını söyləyirlər. Düzdür, biz məzunlarımızın ali məktəblərə daxil olmalarına görə fəxr edirik. Amma, təhsil bir qrup şagirdə yox, hamıya lazımdır. Ələkbər müəllim, bu məsələnin həlli yollarını axtarıb tapmalıyıq. Gəlin düzünü deyək: Ancaq ali məktəblərə daxil olmağı öz qarşısına məqsəd qoyan şagirdlər dərs oxuyurlar. Ali məktəblərə daxil olan məzunların əksəriyyəti də qəbul zamanı nisbətən az bal toplayırlar. Bu isə həmin şagirdlərin gələcəkdə yüksək səviyyəli mütəxəssis olacaqlarından xəbər vermir.

Fərzəli müəllimin bu çıxışı müəllimlər arasında bir canlanma yaratdı. Onlar Fərzəli müəllimin dediklərini təsdiqləyirdilər.

O, sözünü bitirib əyləşdi. Direktor ayağa qalxdı, bir anlıq zala göz gəzdirdi:

- Mən bütün çıxışlara diqqətlə qulaq asdım. Deyilən fikirlər ilə razıyam, - deyib gülümsəyərək, üzünü Fərzəli müəllimə tutdu, - Fərzəli müəllim, sizin bu iclası “Demokratik iclas” adlandırmağınız da çox xoşuma gəldi. Və onu da çox düzgün deyirsiniz ki, şagirdlərin əksəriyyəti dərs oxumurlar. Mən bunu artıq müşahidə etmişəm. Söz verirəm ki, bundan sonra

keçirəcəyim bütün iclaslar demokratik olacaq. Mənə elə gəlir ki, belə iclasların sayını artırmaq lazımdır. Bura aşağı siniflərin şagirdlərinin valideynləri də cəlb edilməlidir. İclaslarda əsas qoyulan məsələ şagirdlərin dərs oxumağa həvəslərini artırmaqdan ibarət olmalıdır.

İclasdan çıxan müəllimlər bir-birlərinə deyirdilər: “Görəsən yeni direktor məktəbdəki vəziyyəti düzəldə biləcək?” “Təki, sözü ilə əməli bir-birinə uyğun gəlsin”. “Əsas odur ki, yağışdan çıxıb, yağmura düşməyək”...

Fərhad Əsgərov,

Azərbaycan Yazıçılar Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...