Anons

Haqqımızda Əlaqə

Milli Məclisin ən gənc deputatı Sonxeber.az-a QƏLƏBƏMİZDƏN DANIŞDI - MÜSAHİBƏ

Tarix:24-02-2021, 16:53

Milli Məclisin ən gənc deputatı Sonxeber.az-a QƏLƏBƏMİZDƏN DANIŞDI - MÜSAHİBƏ Bu gün Azərbaycan böyük sevinc içərisindədir. Haqq yolunda vuruşan rəşadətli ordumuz Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin qorunması üçün üzərinə düşən missiyanı mükəmməl şəkildə yerinə yetirdi və cəmi 44 günə xalqımızın 30 illik həsrətinə son qoyaraq işğal altında olan torpaqlarımızı azad etdi. Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və bizim şanlı qələbəmizlə nəticələndi. Bu qələbə Azərbaycan ordusunun cəbhədə qazandığı möhtəşəm tarixi zəfərdir. Döyüş meydanında məğlub olan işğalçı Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək üçtərəfli bəyanatı imzalamalı oldu. Biz döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istəyimizə nail ola bildik. Ermənistanın uğursuz və işğalçı ölkə olduğunu bir daha sübut etdik. Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.

Qələbəmizlə bağlı Sonxeber.az-ın suallarını deputat Səbinə Xasıyeva cavablandırıb. Onunla müsahibəni oxucularımıza təqdim edirik:

-Səbinə xanım, bilirsiniz ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi və 30 il həsrətində olduğumuz torpaqlara qovuşduq. İlk öncə bu barədə danışmağınızı istərdik.

-Bildiyimiz kimi, artıq şanlı tarixə çevrilmiş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə qazanılan şanlı tarixi qələbəmizdir.

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan əzəli torpağımız olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca Böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Bu tarixi zəfər İkinci dünya müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu.

Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdi. Digər tərəfdən isə, əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistan siyasətçilərinin, qaniçən, ikiüzlü erməni xalqının iç üzünü açıb bütün dünyaya göstərdi.

Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız ¬ İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.

Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.

-Bu gün hər kəsi maraqlandıran sual vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlıdır. Bu proses nə zamandan başlana bilər?

-2021-ci il qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il tarixə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaq. Artıq Prezident İlham Əliyevin "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman dirçəlişin başlanğıcı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu Fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanmasına təkan verəcək. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına, müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərməklə onun regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında mühüm və əvəzolunmaz rol oynayacaq.

İnanıram ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.

Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı" nəzdindəki İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu" yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması" adlı tədqiqat işidir.

Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçirilir. Onların birincisi internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir. Sorğu fevral ayının 22-dən etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır.

Məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırıram. Nəzərə almalıyıq ki, bu sorğu da, buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür. Biz öz gələcəyimizə özümüz məsuliyyət daşıyırıq!

İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev son çıxışlarında da böyük quruculuq işlərinin anonsunu verdi. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolları ilə bağlı konkret planlar var. Artıq ilin başlanğıcından cənab Prezident İlham Əliyev birnci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərlər edərək orada gedən quruculuq işləri ilə yaxından tanış olub və bir çox müəssisələrin təməlinin qoyulmasında iştirak ediblər. Bütün bu faktlar işğaldan azad edilən dədə-baba torpaqlarımızda tez bir zamanda irimiqyaslı quruculuq işlərinin aparılması sayəsində insanların oz doğma yurd-yuvalarına qayıdacaqlarını və həmin rayonların dirçəldilməsində yaxından iştirak edəcəklərini aydın şəkildə göstərir.

-Səbinə xanım, işğaldan azad edilmiş rayonlarda hansı idaretmə sistemi qurulsa, daha effektiv olar?

-Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" və "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" fərmanlar imzalayıb. Bu fərmanlara əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılıb.

İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə həvalə edilib. Xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mülki idarəetmə formasının tətbiq edilməsinə başlanılması həmin ərazilərin bərpası istiqamətində vacib addımdır. Qarşıda duran ən vacib məsələ həmin ərazilərin bərpa edilməsidir. Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün ilk növbədə mülki idarəetmə formasını yaratmaq zəruri idi. Hüquq-mühafizə orqanlarının strukturları artıq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb. Mülki idarəetmənin başlanması işğaldan azad edilmiş ərazilərimizin bərpa işlərini yüksək səviyyədə həyata keçirməyə imkan verəcək.

Yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər, çünki yeni forma birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək. Hazırda Azərbaycanın böyük tarixi qayıdış kimi bir planı var və bu, artıq icra edilməkdədir.

- Son iki ildə, bilirsiniz ki, köklü struktur islahatları aparılır. Bundan əlavə, vəzifəsindən suistifadə edən yüksək vəzifəli məmurlar cəzalandırılır və həbs edilir. Daha hansı sahədə struktur islahatlarının aparılması gözlənilir?

Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq reallaşdırılan kadr və struktur islahatları müstəqilliyimizin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması məqsədi daşıyır. Struktur islahatları, həmçinin dövlət-vətəndaş dialoqunun yeni mərhələyə daxil olmasını şərtləndirir.

Möhtərəm Prezident İlham Əliyev cənablarının qeyd etdiyi kimi, artıq kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirilib. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında da rəhbərlik dəyişdirilib. Bu da cəmiyyətdə çox müsbət qarşılanıb. Artıq bu kadr dəyişikliyinin müsbət nəticələri də görünür.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanılıb. Bu isə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Əvvəllər xoşagəlməz hallar bürokratiya tərəfindən "ört-basdır" edilirdi və bəzi hallarda düzgün məlumat cənab Prezidentə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün cinayət törətmiş heç bir insan, vəzifəsindən asılı olmayaraq, məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Həyata keçirilən ardıcıl tədbirlər kadr islahatının davamlı olacağını və tutduğu vəzifədən asılı olmayaraq, hər kəsin qanun qarşısında məsuliyyətini daha da artıracaqdır. Heç şübhəsiz, kadr islahatlarının həyata keçirilməsi idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir.

- Son iki ildə savadlı və vətənpər gənclərimiz yüksək vəzifələrə təyin olunur. İdarəetmə sistemindəki bu "gəncləşmə" bizə nələri qazandıracaq?

-Gəncliyin savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.

Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür. Gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.

Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda ölkədə mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də, öz növbəsində, dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.

Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq, müstəqil dövlətimzin inkişafı prosesinə bundan sonra da öz töhfələrini verəcək.

-Səbinə xanım, siz Milli Məclisin ən gənc deputatısınız. Gənc yaşda bu cür məsuliyyətli vəzifəni icra etmək sizin üçün çətin deyil ki?

- Qeyd etməliyəm ki, mənim ən əsas dəstəyim mənsub olduğum Yeni Azərbaycan Partiyasıdır. Mənim fəaliyyətimə güc verən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan gənclərinə həmişə göstərdiyi diqqət və qayğıdır. Bu diqqət və qayğıya cavab olaraq, seçicilərimin qaldırdığı məsələlərin müsbət həll edilməsinə və mənə göstərdikləri etimadı layiqincə doğrultmağa çalışıram.

Aysel Yusifqızı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...